Bakı-Sofiya aviareysi işə düşdü

Sofiya hava limanı

Bu gün, yanvarın 16-da Bakı-Sofiya marşrutu ilə ilk aviareys yerinə yetirilib.

AZƏRTAC-ın xəbərinə görə, ilk birbaşa aviareysin açılışında Azərbaycan baş naziri Artur Rasizadə və Bakıda səfərdə olan Bolqarıstan baş naziri Boyko Borisov iştirak ediblər.

Aviareysi «Buta Airways» aşağıbüdcəli aviaşirkəti həyata keçirib.

Uçuş 08:30-da həyata keçirilib və Sofiya şəhərinə eniş 11:55-də reallaşmalıdır

Verilən məlumata görə, yanvar ayının 23-dən müntəzəm uçuşlar başlanılacaq. Uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək.

Bakıdan uçuş 08:30-11:55, Sofiyadan geri dönüş isə 12:55-16:05-də olacaq.

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil etməlidir. Baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər və eləcə də təyyarədə yer seçimi kimi xidmətlərə görə əlavə ödəniş ediləcək.

2017-ci ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilmişdi.