Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşməlidir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir.
Məlumata görə, Polşanın Krakov şəhərində keçiriləcək görüşdə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya ) və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla müzakirələr aparacaq.
Qarabağ münaqişəsinin müzakirəsinə həsr edilən bu görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirakı gözlənir.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.