Böyük neft sızmasını təmizləməyə çalışırlar

Yanan tanker

İranın tankeri Şərqi Çin dənizində batandan sonra Çin gəmiləri nəhəng neft sızmasını təmizləməyə çalışırlar. İki gəmi neftin həll olunmasından ötrü dənizə kimyəvi maddələr atıb. Məlumatı yanvarın 15-də Çinin Mərkəzi Televiziyası yayıb.

Sanchi tankerini işə salmaq üçün istifadə olunan ağır yanacağın 120 kvadrat kilometrlik neft örtüyü əmələ gətirdiyi güman edilir. Tanker İrandan 136 min ton ultrayüngül xam neft daşıyırdı.

Tanker yanvarın 14-də batıb, Şanxay yaxınlığında Çinin yük gəmisiylə toqquşandan sonra bir həftə ərzində yanıb.

Greenpeace ətraf mühit təşkilatının məlumatına görə, tankerin partlaması və batması “balıqların kürüləmə zonası”nda baş verib.

İnsident zamanı Sanchi-nin 30 iranlı və iki banqladeşlidən ibarət heyətinin həlak olduğu bildirilir.

ABŞ-dan Çinə buğda aparan CF Crystal gəmisinin heyəti isə xilas olmuşdu.

Toqquşmanın səbəbi hələ də bəlli deyil.