Qızıl hasilatı azalıb

Qızıl (arxuv fotosu)

2017-ci ildə Gədəbəydə qızıl hasilatında azalma, mis və gümüşdə isə artım olub.

Bu haqda hasilatçı “Anglo-Asian Mining Plc.” (Böyük Britaniya) şirkətinin yanvarın 16-da açıqladığı hesabatda bildirilir.

Sənəddə qeyd edilir ki, ötən il qızıl hasilatında cüzi azalma olub. 59617 unsiya qızıl (8,8 faiz azalma) hasil edilib. Əvvəlki ildə 65394 unsiya qızıl hasil edilmişdi.

Azalmaya səbəb “Gədəbəy” və “Qadir” mədənlərində hasilatın müəyyən vaxtlarda dayandırılması göstərilir.

Buna da bax: Prezident ailəsinin biznesi…

Mis və gümüş hasilatında isə artım olub.

Hesabata görə, 1991 ton mis hasil edilib ki, bu göstərici əvvəlki ildəkindən 2,6 faiz çoxdur.

Hasil edilmiş gümüşün ümumi həcmi 172 min 853 unsiya təşkil edib. Bu da əvvəlki ildəkindən 4,7 faiz çoxdur.

Hasilatçının 18 milyondan çox borcu var

Şirkətin hesabatında “Anglo-Asian Mining Plc.”nin banklara borcunun məbləği də açıqlanıb.

Buna da bax: Prezident ailəsinin qızıl biznesində iflas - ziyanı vətəndaş ödəyir - [araşdırma]

Bildirildiyinə görə, qızıl hasilatçısının xalis borcu 18 milyon dollardan artıqdır. Borcların əhəmiyyətli hissəsi Azərbaycan banklarınadır.

“Anglo-Asian Mining Plc.”nin “Kapital Bank”a 1 milyon, "Azərbaycan Beynəlxalq Bankı"na 2,1 milyon, “Paşa Bank”a 3,7 milyon dollar borcu var.

Şirkətin yerli banklara olan borcları ötən il cüzi azalıb.

“Anglo-Asian Mining Plc.”nin əlavə 10 milyon dollara yaxın borcu olduğu bildirilir

Xatırlatma

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.

Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

2015-ci ildə prezident İlham Əliyev “AzerGold” Açıq Səhmdar Cəmiyyətini yaradıb. Cəmiyyət qızıl hasilatını genişləndirib. Əlavə yataqların istismarı başlayıb.