Ukrayna ordusu ölkənin şərqində iki əsgərinin öldürüldüyünü, beşinin yaralandığını bildirir. Hadisə partlayıcı qurğunun zirehli maşını sıradan çıxarması nəticəsində baş verib.
Müdafiə Nazirliyi yanvarın 17-də yaydığı ayrıca bəyanatda qeyd edir ki, daha iki əsgər də rusiyapərəst separatçıların atəşkəsi pozması nəticəsində yaralanıb. Son 24 saat ərzində separatçıların atəşkəsi pulemyotlar, qumbaraatanlar və minaatanlar vasitəsiylə 3 dəfə pozduğu bildirilir.
Bu arada separatçılar hökumət qüvvələrinin eyni növ silahlarla atəşkəsi yeddi dəfə pozduğunu iddia edib.
2014-cü ilin aprelindən Ukraynanın Donetsk və Luqansk regionlarında separatçılarla hökumət qüvvələrinin münaqişəsində 10 min 300-dən çox adam həlak olub.
Bir neçə dəfə atəşkəs barədə razılaşma əldə olunsa da, tərəflər bir-birini onu pozmaqda suçlayır.