Prezident İlham Əliyev bu gün, yanvarın 18-də investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Sənədə əsasən Nazirlər Kabineti “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunlarının əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” qanunun layihəsini üç ay müddətində hazırlamalıdır.
Habelə, qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə bir sıra məsələlər tənzimlənməlidir.
Burada investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri, investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu əks edilməlidir.
Həmçinin, investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası da bura daxildir.
Bundan başqa, investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası da orada öz əksini tapmalıdır.