Rusiyadan yeni silah-sursat gətirildi [video]

Azərbaycana Rusiyadan yeni partiya müasir hərbi texnika gətirilib. 19yan2018

Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsinin Azərbaycana gətirildiyi bildirilir.

Müdafiə Nazirliyinin xəbərində bildirilir ki, silah-sursatın ölkəyə gətirilməsi Azərbaycanla Rusiya arasında hökumətlərarası razılaşmaya əsasən həyata keçirilib.

“Yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və sursatlar kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək”, – nazirliyin press-relizində deyilir.

Müdafiə Nazirliyi yeni silah-sursatın görüntülərini də paylaşıb.

Son illərdə Azərbaycanın Rusiyadan aldığı silah-sursatın dəyərinin milyard manatlarla ölçüldüyü bildirilir.

Prezident İlham Əliyev bu günlərdə Nazirlər Kabinetində keçirilmiş toplantıda Azərbaycanın 2018-ci ildə yeni növ silahlar almağa davam edəcəyini açıqlamışdı.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə vəziyyətdədir. Bu, münaqişə1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Bəzən isə cəbhədən hər iki tərəfə qara xəbərlər gəlir. Bu gün, yanvarın 19-da bir Azərbaycan əsgərinin cəbhədə həlak olduğu bildirilib. Tərəflər, bir qayda olaraq, atəşkəs pozulmasına görə bir-birlərini ittiham edirlər.

Rusiya Azərbaycanla yanaşı Ermənistana da silah satır. Üstəlik, bundan ötrü Ermənistana kredit də verdiyi bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.