Bu gün, yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.
Milli Məclisin mətbuat xidməti sessiyada Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyini açıqlayıb. Heyətə sədr Səməd Seyidov, Rafael Hüseynov, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə və Rövşən Rzayev daxildirlər.
Tədbirdə AŞPA-nın yeni prezidenti seçilməli, Büro və Daimi komitənin illik hesabatları təqdim olunmalıdır. Avropa Şurasının baş katibi və İnsan hüquqları üzrə komissarı 2017-ci ildə görülən işlərlə bağlı məruzə etməlidirlər. Təşkilatın Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat verilməlidir.
Toplantıda Avropada milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi və bəzi ölkələrdə öhdəliklərin yerinə yetirilməsi məsələlərinə baxılmalıdır.
Yanvarın 26-da isə Azərbaycan nümayəndə heyətindən Vüsal Hüseynov və Sevinc Fətəliyevanın hazırladıqları hesabatlar müzakirə olunmalıdır. Hesabatlar «Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması» və «Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi» adlanır.
Sessiyanın yanvarın 26-da yekunlaşacağı gözlənilir.
Xatırlama
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt bu qurum qarşısında bir sıra öhdəliklər götürülüb. Bura insan hüquqları, azad seçkilər və Qarabağ münaqişəsinin sülh yolu ilə həlli kimi məsələlər daxildir. Azərbaycan qurumun hələ də monitorinqi altındadır.