Fransa 'Ümumdünya sərgisi'nə pul tapmır, Azərbaycansa...

Astanada EXPO-2017-nin ərazisi

Fransa “Ümumdünya sərgisi 2025”i (“World Expo 2025”) Parisdə keçirmək üçün namizədliyini geri götürüb. Bunu rəsmilərə istinadla Fransada çıxan Le Journal du Dimanche (JDD) yazıb.

“Reuters” JDD-yə istinadla qeyd edir ki, baş nazir Edouard Philippe təşkilat komitəsinə məktub yazaraq büdcə səbəblərindən ölkənin namizədliyinin geri götürüldüyünü bildirib.

*** Buna da bax: Gürcüstan turizmdə də Azərbaycanı tozda qoyub [video]

“MƏSULİYYƏTLİ OLMALIYIQ”

Maliyyə naziri Bruno Le Maire də bu qərarı BFM TV-yə müsahibəsində təsdiqləyib.

Məyusluğu anlayıram, amma məsuliyyətli olmalıyıq”, – o deyib.

Fransa ötən ilin sentyabrında Beynəlxalq Sərgilər Bürosuna (Bureau International des Expositions – BIE) ərizə vermişdi. Qurum qalan üç namizəd – Yaponiya (Osaka), Rusiya (Yekaterinburq) və Azərbaycanla (Bakı) bağlı qərarını noyabrda açıqlayacaq.

“Ümumdünya sərgisi” meqatədbiri hər beş ildən bir keçirilir, altı ayadək davam edir və on milyonlarla turist cəlb edir. Bunu BIE vebsaytında yazır. Növbəti tədbir 2020-ci ildə Dubayda olacaq.

Philippe-nin məktubunda qeyd olunur ki, “Expofrance 2025” komitəsi 35-40 milyon turistin gələcəyni planlaşdırır. Amma 2015-ci ildə Milanda keçirilmiş tədbirin 20 milyon ziyarətçisi olmuşdu. Onun sözlərinə görə, hökumət bu tədbirə təminat verməklə dövlət vəsaitinə təhlükə yarada bilməz.

*** Buna da bax: Taksilər, kafe-restoranlar müsəlman qonaqlara nələr təklif edirlər?

Parisdə 2023-cü ildə Reqbi üzrə Dünya Kuboku, 2024-cü ildə Olimpiya oyunları keçiriləcək. “Ümumdünya sərgisi 2025”in Parisin cənubundakı elm və texnologiya mərkəzi sayılan Sakledə keçirilməsi planlaşdırılırdı.

AZƏRBAYCANIN İŞTAHI

“Azərbaycanın əzəmətli şoular keçirmək iştahı azalmır, daha bir meqatədbirə ev sahibliyi etmək istəyir”. Bunu isə bir neçə gün öncə “Eurasianet.org” saytında Bradley Jardine yazırdı.

Müəllif bu sərginin Azərbaycanın ev sahibliyi edə biləcəyi ən ambisiyalı layihə olduğunu vurğulayırdı. Qeyd edək ki, Bakı 2015-ci ildə Avropa Oyunlarına, 2016 və 2017-ci illərdə Formula 1 yarışmasına və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib.

*** Buna da bax: Bakıda İslam Oyunlarının açılışı baş tutdu

Azərbaycan “Expo 2025 Baku” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

“Bu, neft-qaz gəlirlərini meqatədbirlərdən ötrü milyardlarla dollara başa gələn stadionlara xərcləmiş, çətinliklər yaşayan iqtisadiyyatının vətəndaşlarını işləməyə Rusiya və Türkiyəyə getməyə məcbur etmiş bir ölkəyə elə də uyğun gəlmir. Bu arada Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlər də sürətlənib, bu yaxınlarda daha bir müstəqil jurnalistlə ağır cəza kəsilib”, – yazan müəllif onu da qeyd edir ki, bütün bunlar, deyəsən, bu tədbirə ciddi əngəl sayılmır, çünki sərgi 2020-ci ildə Dubayda keçiriləcək.

18 MİLYON TURİST

Ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır… Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Əsrlər boyu ölkəmiz qitələrin və sivilizasiyaların kəsişməsində yerləşib. Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynayır”, – bunu Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 14-də Parisdə, Royal Pavilyonda təşkil edilmiş qəbulda deyirdi.

Bakı bu sərgiyə 18 milyon ziyarətçinin gələcəyini proqnozlaşdırır. Tədbirin keçiriləcəyi əraziyə yüksək nöqtədən baxarkən, Azərbaycan Respublikasının Dövlət gerbi olan səkkizbucaqlı ulduz şəklində görünəcək. “Ərazinin mərkəzində yerləşəcək əsas bina – Azərbaycan Milli Pavilyonu – park və ərazini gəzən qonaqlar üçün əsas ziyarət məkanı olacaq”, – tədbirin vebsaytında bildirilir.

*** Buna da bax: EXPO-2017 : Milyardlar xərcləməyə dəyərdimi?

Ötən il Qazaxıstanda oxşar tədbirə azı 1 milyard dollar xərclənməsi və digər sosial və infrastruktur layihələrin gözardı olunması tənqid olunub.

Qeyd edək ki, Azərbaycanda bundan öncə keçirilmiş irimiqyaslı tədbirlərə xərclənən milyonları iqtisadçılar “dövlət vəsaitinin israf olunması” adlandırıblar. Tənqidçilər həmin layihələrin hakimiyyətin beynəlxalq imicini cilalamaq niyyəti güddüyünü deyir, bu pulların ölkəiçi iqtisadi problemlərə yönəltməyi daha məqsədəuyğun sayıblar.