SOCAR ötən il 7.4 milyon ton neft hasil edib

SOCAR

2017-ci ildə qazma işlərinin həcmi artırılıb, neft və təbii qaz hasilatı stabilləşdirilib.

Dövlət Neft Şirkətinin (SOCAR) bu gün, yanvarın 22-də yaydığı məlumatında belə yazılır.

Məlumatda bildirilir ki, il ərzində SOCAR 138 min metr qazma işi həyata keçirib. Bu göstərici əvvəlki illə müqayisədə 30.7 faiz çoxdur.

«2017-ci ildə SOCAR üzrə hasilat 7.4 milyon ton neft, 6.1 milyard kubmetr qaz təşkil edib. Əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1.4 və 3.3 faiz nisbətində cüzi dəyişib. Ümumiyyətlə, 2017-ci ildə respublika üzrə 38.7 milyon ton neft və 28.6 milyard kubmetr təbii qaz hasil olunub», - məlumatda bildirilir.

2016-cı ildə SOCAR-ın neft hasilatı bir qədər artıq olub, 7 milyon 522.4 min ton təşkil edib.

Hasilat azalsa da, gəlir artıb

SOCAR 2017-ci il ərzində dövlət büdcəsinə 1 milyard 511 milyon 33 min manat vəsait ödəyib. Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 115 milyon 577 min manat, yəni 8.3 faiz artıb.

Bundan əlavə, SOCAR 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155 milyon 984 min manat vəsait ödəyib. Bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Hasilat azalsa da, gəlirin çoxalmasını ekspertlər neftin bahalaşması ilə izah edirlər. Ötən ilin birinci rübündə neftin qiyməti 50-60 dollar arası dəyişib. Hazırda neftin bir barreli 70 dollardan yüksəkdir.