"Gilavar" - hava və ekstrim idman klubunun alpinistləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin axtarışlarının davam etdiyi bildirilir.
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatında belə yazılır.
Məlumata görə, axtarış işlərini əsasən Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr aparırlar. Yanvarın 21-dən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssislərinin də (xüsusi təyinatlı avadanlıqlarla təchiz edilmiş) yenidən axtarışlara qoşulduğu bildirilir. Agentliyin əməkdaşları bundan əvvəl də bu axtarışda iştirak etmişdilər.
Buna da bax: Avstriyalı xilasedici: 'Onları tapmaq asan olardı, əgər...'
“Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilib, onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılıb”, – məlumatda qeyd olunur.
Axtarış-xilasetmə işlərinin mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparıldığı vurğulanır.
Xatırlatma
«Gilavar» hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.
Buna da bax: İtkin alpinistin bacısı: 'Bu barədə heç nə deməyəcəm artıq'
Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb. Nazirlik bu barədə onlara dekabrın 26-da məlumat verildiyini açıqlayıb.
Sonradan Avstriya və Türkiyədən olan mütəxəssislərin də axtarışlara cəlb edildiyi bildirilirdi.
Hadisəylə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hüquq mühafizə orqanlarına görə, alpinistlərin hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağa qalxmağa əlverişli olub-olmaması və təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərə məsul şəxslərin vəzifələrini tam yerinə yetirməsinə şübhələr var.