Siqaretin aksiz vergisi artırıldı

Siqaret

Azərbaycan ərazisinə gətirilən tütün, pivə və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin artırılması ilə bağlı qərar bu gün, yanvarın 23-də qüvvəyə minib.

Bu, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Ötən il dekabrın 21-də dərc olunan qərarın 30 gün sonra, bu il yanvarın 23-də qüvvəyə minəcəyi açıqlanıb.

Tərkibində tütün olan siqarlar, ucları kəsilən siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata qaldırılıb. Digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi də 4 manatdan 12 manata çatdırılıb.

Bundan başqa, şampan şərabında aksiz dərəcəsi 2 manat 50 qəpikdən 5 manata qaldırılıb. Araqda isə bu, 6 manatdan 10 manata yüksəlib. İdxal edilən pivənin də aksiz dərəcəsi artırılıb.