Teleqüllə yaxınlığında yeni çatlar yaranıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Teleqüllə ətrafındakı sürüşmə zonasında yeni çatlar yaranıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları da Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində monitorinq aparır.

Bunu Seysmoloji Xidmət Mərkəzindən bildiriblər.

Mətbuat xidmətinin məlumatına görə, Mərkəz sürüşmə sahəsinə seysmoloji və geofiziki cihazlar quraşdırıb.

«Monitorinqin nəticələri ərazidə aparılan tədqiqat işləri yekunlaşdırılandan sonra hesabat şəklində təqdim olunacaq»,- deyə mətbuat xidməti bildirib.

+++

Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində yeni çatların yarandığı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, «Teleqüllə» sürüşmə sahəsi aktiv fazadadır. Onun bildirməsinə görə, hazırda onlar ərazidə araşdırmanı davam etdirirlər:

«Çatlar üzərində mayaklar quraşdırılıb. Ərazidə yeni çatlar əmələ gəlib. Müəyyən yerlərdə artıq çatların eni 1 metr 40 santimetri ötüb».

Ə.Qaralov vurğulayıb ki, sürüşmə sahəsinə aidiyyəti dövlət qurumları nəzarət edirlər.

Xatırlatma

«Teleqüllə» sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb göstərilir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yarandığı bildirilir. Artıq son bir ayda bununla bağlı ekspertlər bir neçə dəfə narahatlıqlarını ifadə ediblər.