Poroshenko Volker-lə görüşüb

Petro Poroshenko (solda) və Kurt Volker

Ukrayna prezidenti Petro Poroshenko ABŞ prezidenti Donald Trump-ın Ukrayna üzrə xüsusi elçisi Kurt Volker-lə Kiyevdə görüşərək ölkənin şərqindəki münaqişəni müzakirə edib.

Poroshenko-nun vebsaytında yerləşdirilmiş məlumata görə, yanvarın 23-də keçirilmiş görüşdə tərəflər Rusiyanın Minsk razılaşmalarını icra etməməsindən “ciddi narahatlıq” dilə gətiriblər.

Volker Twitter-də yazıb ki, Poroshenko ilə “yaxşı söhbət edib”, həftənin sonuna doğru rusiyalı diplomatlarla görüşməkdən ötrü Dubaya gedəcək.

Poroshenko-nun bəyanatında deyilir ki, Ukraynanın şərqində atəşkəsin gücləndirilməsi və “Rusiya qüvvələrinin Ukraynadan çıxarılması” hazırda “mütləq prioritetlər”dir.

2014-cü ilin əvvəlindən hökumət qüvvələri Donetks və Luqansk regionlarında rusiyapərəst separatçılarla savaşır. Moskva Ukraynanın daxili işlərinə qarışmadığını desə də, Beynəlxalq Cinayət Məhkəməsi 2016-cı ilin noyabrında bu münaqişənin “Ukraynayla Rusiya Federasiyası arasında beynəlxalq silahlı münaqişə” olduğunu təsbit edib.

İndiyədək münaqişədə 10 min 300-dən çox adam ölüb, 1,6 milyon nəfər didərgin düşüb.