ABŞ prezidenti Donald Trump Davos Dünya İqtisadi Forumuna qatılmaqdan ötrü İsveçrəyə iki günlük səfər edir. O, səfər zamanı Britaniyanın baş naziri Theresa May, İsrailin baş naziri Benjamin Netanyahu, İsveçrə prezidenti Alain Berset və Ruanda prezidenti Paul Kagame ilə görüşəcək.
ABŞ-ın milli təhlükəsizlik müşaviri H. R. McMaster yanvarın 23-də deyib ki, Trump May-lə görüşündə Şimali Koreya, Suriya və İranın nüvə sazişi məsələlərini müzakirə edəcək.
Netanyahu ilə görüşə gəlincə, Trump dekabrın əvvəlində Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra tərəflər ilk dəfə bir araya gəlir.
Trump yanvarın 24-dən 25-nə keçən gecə Davosa uçacaq və yanvarın 25-də görüşlər keçirəcək. Elə həmin gün Avropanın biznes liderlərinə nahar verəcək.
Yanvarın 26-da Vaşinqtona qayıtmazdan öncə çıxış edəcək.
Ağ evin iqtisadi məsələlər üzrə müşaviri Gary Cohn jurnalistlərə deyib ki, Trump çıxışında şirkət rəhbərlərini Birləşmiş Ştatlara investisiya qoymağa çağıracaq, administrasiyanın “Öncə Amerika” siyasətini, “ədalətli iqtisadi rəqabət”ə ehtiyacı vurğulayacaq.
Yanvarın 23-də 1000-dən çox adam Sürixdə etiraz aksiyasına çıxıb, “Trump-ı salamlamırıq” şüarını qaldırıblar.