750 nəfər yol qəzasında həlak olub

Yol qəzası

«2017-ci ildə ölkədə baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb».

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov bunu 2017-ci ilin yekunlarına aid müşavirədə bildirib.

Müşavirə ilə bağlı bu gün, yanvarın 24-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti geniş məlumat yayıb.

R.Zeynalov deyib ki, bu, 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrin 8.6, həlak olanların 1.2, xəsarət alanların isə 14.2 faiz azalması deməkdir. Onun deməsinə görə, il ərzində 3.3 milyondan çox yol hərəkətinə aid qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi və sürət həddinin aşılması faktları qeydə alınıb.

«Qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb», - deyə R.Zeynalov vurğulayıb.