Ələtdə azad iqtisadi zona qanuniləşir

Milli Məclis

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunacaq.

Yanvarın 24-də Milli Məclisin bir neçə komitəsinin birgə iclasında buna qərar verilib.

Birgə iclasda qanun layihəsini Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təqdim edib.

O, bildirib ki, layihə “Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” ölkə başçısının sərəncamına əsasən hazırlanıb.

Sədr müavinin deməsinə görə layihə hazırlanarkən azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlardan ötrü əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

Birgə iclasda iştirak edən deputatlar layihəni yekdilliklə plenar iclasa tövsiyə ediblər.

Xatırlatma

Ələtdə azad iqtisadi zonasının yaradılması prezident İlham Əliyevin 2016-cı ilin martında imzaladığı sərəncamda nəzərdə tutulurdu. Həmin sərəncam “Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər planı haqqında” adlanır.

İlham Əliyev ötən ilin mayında yenidən bu məsələyə qayıdıb, azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqda sərəncam imzalamışdı.

Fərmana əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə İşçi qrup yaradılıb və Milli Məclisin sədr müavini Valeh Ələsgərov onun sədri təyin edilmişdi.

Azad zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir.