Azarkeşlər Rusiya bayrağını qaldıra biləcəklər

2014-cü il Soçi olimpiadasından foto

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bildirir ki, fevralda Qış Olimpiya oyunlarında rusiyalı azarkeşlərin milli bayraqlarını qaldırmasına icazə veriləcək. Amma “təşkil olunmuş siyasi” nümayişlər əlavə sanksiyalara səbəb ola bilər.

BOK yanvarın 25-də bəyan edib ki, rusiyalı atletlərə milli simvollarla bağlı qoyulmuş qadağa adi azarkeşlərə aid deyil.

*** Buna da bax: Rusiya futbolunda da dopinq məsələsi araşdırılır

AZARKEŞLƏR QAYDALARI POZARSA...

Ancaq qurum əlavə edir ki, “bunun təşkil olunmuş siyasi nümayiş olduğu üzə çıxarsa, BOK bunu Rusiyaya qadağanın icrası üzrə monitorinq sistemində nəzərə alacaq”.

Bu o deməkdir ki, azarkeşlər qaydaları pozarsa, rusiyalı atletlər fevralın 9-25-də Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək olimpiya oyunlarının bağlanış mərasiminə milli bayraqlarıyla qatıla bilməyəcəklər.

BOK dekabrda Rusiyanı bu tədbirdən kənarlaşdırıb, Olimpiya antidopinq sisteminin “misli görünməmiş sistematik manipulyasiyası” əsas gətirilib.

Amma qurum bəzi rusiyalıların neytral uniformada, olimpiya bayrağı altında iştirakına icazə verib, bir şərtlə ki, müəyyən dopinq qaydalarına əməl etsinlər.

“AYIQ YANAŞMA”

BOK onu da açıqlayıb ki, bağlanış mərasimindən bir neçə saat öncə Rusiya Olimpiya Komitəsi tədbirə buraxıla bilər. Yəni, oyunların son saatlarında Rusiyanın bayrağının görünməsi ehtimalı var.

BOK ötən həftə tədbirə buraxılan rusiyalı atletlərin sayının 500-dən 389-a salındığını bildirib. Yekun qərar yanvarın 27-də açıqlanacaq.

Kreml yanvarın 23-də altı dəfə olimpiya qızıl medalçısı Viktor Ahn və digər tanınmış atletlərin yarışmaya buraxılmamasını pisləyib.

*** Buna da bax: Abe də olimpiya oyunlarına gedəcək

Amma Kremlin boykotu nəzərdən keçirməsi ehtimalıyla bağlı suala cavabında prezident Vladimir Putin-in sözçüsü Dmitry Peskov yanvarın 25-də deyib ki, “hal-hazırda ‘boykot’ kimi sözlərdən qaçmaq lazımdır”.

İstənilən halda, BOK-la dialoqu davam etdirmək lazımdır. BOK-la danışıb hüquqlarımızı müdafiə etməliyik, əgər mümkünsə. Ən vacibi, rusiyalı atletlərin maraqlarına uyğun ayıq yanaşmanı saxlamaq lazımdır”, – o deyib.