Yalçın İmanov Vəkillər Kollegiyasından qərar istəyir

Yalçın İmanov

Vəkil Yalçın İmanov vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarı ala bilmədiyini deyir.

Y. İmanov AzadlıqRadiosu-na bildirib ki, qərarı almaqdan ötrü kollegiyaya iki dəfə müraciət edib.

“İlk dəfə ötən il noyabrın 30-da kollegiyaya müraciət etdim və qərarın surətinin mənə təqdim olunmasını istədim. Onlar mənə bir ay ötəndən sonra iclasın protokolundan kiçik çıxarış göndərdilər”, – deyən Y. İmanov vurğulayıb ki, növbəti dəfəki müraciəti də nəticə verməyib.

Buna da bax: Vəkil Yalçın İmanov kollegiyadan çıxarıldı

“Yanvarın 10-da yenidən müraciət etdim. Xahiş etmişəm ki, mənim fəaliyyətimə xitam verilməsi barədə qərarı və barəmdə qərar çıxarılmış iclasın stenoqramını təqdim etsinlər. Ancaq, hələlik, cavab yoxdur”, - Y.İmanov deyib.

Y. İmanov qeyd edib ki, qanunvericiliyin hansı müddəasına əsasən cəzalandırılmasından xəbərsizdir.

“Mənə yalnız iclasın protokolundan çıxarış təqdim ediblər Orada isə mənə lazım olan məlumat yoxdur. Kollegiyanın mənimlə bağlı məhkəməyə müraciətinə fevral ayında baxılacağını gözləyirəm. Yerli məhkəmələrdə ədalətli qərar çıxarılacağına inamım yoxdur”, - vəkillik fəaliyyətinə xitam verilən Y. İmanov bildirib.

Buna da bax: Leyla İsmayılzadə: 'Yalçın İmanov məhbus yaxınlarımız üçün təkcə vəkil deyildi...'

Hüquqşünas: Qərar hamıya açıq olmalıdır

Media üzrə hüquqşünas Xalid Ağalıyev isə AzadlıqRadiosu-na açıqlamasında kollegiyanın qərarının qapalı tutulmasının qanunsuz olduğunu bildirib. Onun fikrincə, belə qərarlar nəinki müraciət edən şəxsə verilməli, qəbul edildikdən sonra hər kəsin əlinin çatacağı yerə yerləşdirilməlidir.

Buna da bax: Y.İmanov: 'Bir narahatlığım var, həbsdəki dostlarla sağollaşa bilmədim'

“Bu “İnformasiya əldə edilməsi haqqında” qanunun tələbidir. Vəkillər Kollegiyası, bu tipli digər qurumlar öz qərarlarını ictimaiyyətə açıq tutmalıdırlar. Qanun kollegiyanın da üzərinə sayt yaratmaq, onu davamlı yeniləmək vəzifəsi qoyub. Qərarlar, ictimai məzmunlu digər sənədlər də məhz sayta daxil edilməlidir”, – hüquqşünas deyib.

Vəkillər Kollegiyasından bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunmasından ötrü məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Bu qərar avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan Qapalı Həbsxanasında işgəncəyə məruz qalması iddiası əsasında verdiyi açıqlamasına etiraz edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən və Qobustan Qapalı Həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, o təcridxanadan gətiriləndən dərhal sonra işgəncələrə məruz qalıb. A.Hüseynovun sözlərinə görə, həbsxananın rəisi, rəis müavini və müxtəlif əməkdaşları əllərini qandallayıb onu döyüblər.

“Məni qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar.”, izahatda qeyd edilirdi.

İşgəncə ilə bağlı deyilənləri təkzib edən ədliyyə polkovniki O.Məmmədov isə iddia edib ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışıb.

“Ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir», – deyə onun məktubunda vurğulanırdı.