Bu gün, yanvarın 30-dan Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi gözlənir.
Bunu həmin komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib. Onun deməsinə görə, komissiya əfvlə bağlı daxil olan müraciətləri nəzərdən keçirməlidir:
«Həmişəki kimi, komissiyanın iclasları sona çatdıqdan sonra əfv olunması nəzərə tutulan şəxslərin siyahısının dövlət başçısına təqdim olunması gözlənilir».
Ə.Nuriyev yaxın vaxtlarda əfv olub-olmayacağı haqqında indidən konkret bir söz deməyin çətin olduğunu söyləyib. Amma Novruz bayramı ərəfəsində böyük əfv fərmanının veriləcəyinin istisna olmadığını da bildirib.
Xatırlatma
Prezident sonuncu dəfə də əfv fərmanını Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı. Hazırda hüquq müdafiəçilərinin bildirməsinə görə, Azərbaycan həbsxanalarında 150 civarında siyasi məhbus var.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusun olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.