Tillerson Latın Amerikasına xəbərdarlıq edir

Rex Tillerson, arxiv fotosu

ABŞ dövlət katibi Rex Tillerson Qərb Yarımkürəsindəki ölkələrə Rusiya və Çinin onların regionunda “narahatedici” hərəkətləriylə bağlı xəbərdarlıq edib, bu ölkələri Birləşmiş Ştatlarla işləməyə çağırıb.

Latın Amerikasına yalnız öz adamlarına fayda verməyi hədəfləyən yeni imperiya qüvvələri lazım deyil”, – Tillerson fevralın 1-də Texasda deyib. O, region ölkələrinə səfər çərçivəsində ilk olaraq Meksikaya gedəcək.

Tillerson-un sözlərinə görə, “xalqları qarşısında hesabat verən güclü institutlar və hökumətlər ölkənin suverenliyini işğalçı oyunçulardan da qoruyur, bu oyunçular indi bizim yarımkürədə peyda olurlar”.

Dövlət katibi Rusiyanın “regionda güclənən iştirakını narahatedici” adlandırıb.

O əlavə edib ki, Moskva “demokratik dəyərləri paylaşmayan, onlara sayqı göstərməyən qeyri- dost rejimlərə silah və hərbi avadanlıq satmaqdadır”.

Tillerson ən kəskin sözləri Çinlə bağlı işlədib. Çin hazırda Çili, Argentina, Braziliya və Perunun ən böyük ticarət tərəfdaşıdır. Dövlət katibi isə deyir ki, Çinin təklifinin “həmişə bir bədəli var”.