Həmsədrlərin səfəri gözlənir

Krakov danışıqları. 18 yanvar 2018

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fevralın 6-da Azərbaycana gəlməsi, fevralın 7-də isə onların rəsmi görüşlər keçirməsi gözlənilir.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN-in sözçüsü deyib ki, səfərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hazırda aparılan danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərlə birgə ötən ayın 18-də Polşanın Krakov şəhərində keçirilən görüşündə qoşunların təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı razılıq əldə edildiyi bildirilir.