Nazirlər Kabineti dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan əməkdaşların aylıq əməkhaqqı səviyyəsini təsdiq edib.
Bəzi müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı Azərbaycan prezidentinin yanvarın 17-də imzaladığı sərəncama əsaslanan qərar fevralın 1-də verilib.
Qərara görə, 18 saat yükü olan ali təhsilli ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin əməkhaqqı stajdan asılı olaraq ayda 350-450 manat təşkil edəcək. Orta təhsillilər üzrə isə 320-400 manat əməkhaqqı müəyyən edilib.
İlk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə aparatı işçilərinin də maaşı müəyyən edilib. Məsələn, direktorların aylıq vəzifə maaşı 500 manat müəyyən edilib.
Buna da bax: İşsiz-peşəsiz peşə məktəbləri...
Nazirlər Kabineti qərarda Təhsil Nazirliyinə iki ay müddətində dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılmasından ötrü meyarları müəyyən etməyi tapşırıb.
Xatırlatma
Prezident İlham Əliyevin yanvarın 17-si imzaladığı sərəncama əsasən, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü, əməkhaqları artırılıb.
Sərəncamda peşə-ixtisas təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılır.
Sərəncamın icrası Nazirlər Kabinetinə tapşırılmışdı.
Müəllimlərin həftəlik dərs yükü normasının və aylıq vəzifə maaşlarının artırılması yanvarın 1-dən tətbiq edilməlidir.