Əfv komissiyası yenə toplanıb

Əfv (arxiv fotosu)

Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyası 100-dən artıq məhbusun müraciətinə baxıb.

Bu haqda “Turan” agentliyinə komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.

Onun bildirdiyinə görə, komissiyanın bu gün, fevralın 2-də keçirilmiş növbəti iclasında əfvlə bağlı müraciətlər araşdırılıb. Müraciətlərin bir çoxuna müsbət yanaşıldığı bildirilir.

Komissiyaya müraciət edənlərin kimliyi açıqlanmır.

Bu il əfv komissiyasının ilk toplantısı yanvarın 30-da keçirilmişdi. Həmin vaxt açıqlanmışdı ki, komissiyaya əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciəti daxil olub. İlk toplantıda həmin müraciətlərdən 100-ə qədəri müzakirə edilmişdi.

Xatırlatma

Prezident sonuncu dəfə də əfv fərmanını Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanması gözləntisi də var. Hüquq müdafiəçiləri bundan öncə siyasi məhbus hesab edilən şəxslərin əfv oluna biləcəyini ifadə ediblər.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 160 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyillər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.