Azərbaycan yanvar ayında gündəlik hasilatın azaldılması barədə neft ölkələrinin razılaşmasına əməl edib.
Bu haqda Energetika Nazirliyinin məlumatında yazılıb.
Məlumatda bildirilib ki, cari ilin yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 814.6 min barrel olub. Bunun 759.7 min barrelini xam neft, 54.9 min barrelini kondensat təşkil edib.
Gündəlik 624.2 min barrel xam neft, 54.9 min barrel kondensat, 14.3 min barrel isə neft məhsulları ixrac edilib. Sazişə uyğun olaraq, Azərbaycanın hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirdiyi bildirilir.
Xatırlatma
OPEC-ə üzv və kartelə daxil olmayan ölkələr 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş altı aylıq bağlanıb.
Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılaşması daha 9 aylığa uzadılıb.
Daha sonra noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclasında sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Razılaşmaya Azərbaycan da qoşulub.
Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər bahalaşıb. Hazırda bazarda Azərbaycan neftinin bir barrelinin qiyməti 70 dollar civarındadır. Ötən ilin əvvəllərində isə bu, 50 dollar civarında dəyişirdi.