Bayıl yamacını yaponiyalı alim araşdırır

Sizin brauzer HTML5-i dəstəkləmir

Sürüşmə bölgəsindən yeni görüntülər - sakinlər evlərini tərk etmirlər

«Bayılda təhlükəli sürüşmə zonasında şəxsi evlərdən köçürülən 103 ailənin taleyi bu həftə alimlərin ekspert rəyi alındıqdan sonra həll olunacaq».

Bunu Səbail Rayon İcra Hakimiyyətinin (İH) şöbə müdirinin müavini İsrafil Kərimov bildirib. Onun deməsinə görə, Bayıl yamacında baş verən geoloji prosesləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri, Seysmologiya Xidmətinin ekspertləri və Yaponiyadan dəvət edilmiş bir alim tədqiq edir.

«Bu həftə onlar öz qərarlarını verəcəklər, onun əsasında rayon icra hakimiyyəti bu evlərin sakinlərinin taleyini müəyyən edəcək», - deyən İ.Kərimov əlavə edib ki, Səbail Rayon İH-də bu insanlarla tez-tez görüşlər keçirilir. Onlar rayon İH-nin qaynar xəttinə zəng edərək məlumat əldə edə bilərlər.

İ.Kərimov ekspertlərin bu ərazidə insanların yaşamasını qeyri-mümkün sayacağı təqdirdə hansı qərarın qəbul ediləcəyini bilmir.

«Qərar tədqiqatın yekunlarına əsasən qəbul ediləcək, köçürüləcəkləri halda onların harada yaşayacaqları barədə suala hazırda cavab vermək mümkün deyil», - deyə o bildirib.

Xatırlatma

Bayılda son sürüşmə proseslərinin ötən ilin sonlarında başladığı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirilmişdi ki, Bayıl qəsəbəsi istiqamətindəki yamac tikinti işlərinin aparılması məqsədilə şaquli şəkildə kəsilib, bu da onun möhkəmliyini itirməsinə səbəb olub.

Sürüşmə ərazisi Bakı Televiziya Qülləsindən 250-300 metr məsafədə, cənub-şərq istiqamətində yerləşir.

Sonuncu dəfə Bayılda sürüşmə 2011-ci ilin avqustunda, ilk dəfə isə 1870-ci ildə qeydə alınıb.

2017-ci ilə qədər Bayıl ərazisində 10 dəfə sürüşmə baş verdiyi bildirilir.

İndi isə sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yarandığı deyilir.