“Azərbaycan” nəşriyyatının fevralın 6-da "Gündəm Xəbər" qəzetinin redaksiyası ilə icarə müqaviləsini birtərəfli qaydada ləğv etdiyi bildirilir. Üstəlik, redaksiyanın nəşriyyatdan çıxarıldığı deyilir.
Qəzetin təsisçisi və baş redaktoru Şirin Cəfərli “Turan” agentliyinə bildirib ki, o, icarə müqaviləsinə xitam verilməsi haqqında bildiriş almayıb və son anda məlumatlandırılıb.
Redaktorun sözlərinə görə, müqavilənin ləğv edilməsindən ötrü əsas kimi nəşriyyata 800 manatlıq borcun olması göstərilib.
“Nəşriyyatda fəaliyyət göstərdiyimiz 8 il ərzində vaxtaşırı borclar yaranırdı, amma biz onları ödəyirdik. Müqaviləni birtərəfli ləğv etmək üçün bəhanəni qəbul edə bilmərik. Belə ki, o, siyasi xarakter daşıyır”, – deyən redaktor qeyd edib ki, nəşriyyatda borcu olan icarəçilər az deyil, onları heç kim küçəyə atmır.
Ş.Cəfərlinin deyib ki, müqavilənin ləğv edilməsi fevralın 5-də "Gündəm Xəbər" qəzetində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla bağlı tənqidi məqalənin çap olunmasından sonraya təsadüf edib.
“Azərbaycan” nəşriyyatından redaktorun icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı dediklərinə və bu məsələ ətrafında ehtimallarına hələlik münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Şirin Cəfərlinin əvvəllər də peşə fəaliyyətinə görə çək-çevir edildiyi bildirilir. O, 2013-cü ildə Kəpəz Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda gəlir əldə etməklə vergi ödəməkdən yayınma) maddəsi ilə 3 il şərti azadlıqdan məhrum edilib.
Məhkəmə Vergilər Nazirliyinin redaktora qarşı mülki iddiasını da təmin edərək, dövlət büdcəsinə 71 min 478 manat ödəməsinə qərar verib. Redaktor həmin məbləğin 540 manatını ödəyib. Ş.Cəfərli vəsaiti axıra kimi ödəmədiyinə görə həbs təhlükəsi ilə üzləşib. Ədliyyə Nazirliyinin İstintaq İdarəsi ona qarşı cinayət işi də başlayıb. Redaktor cəriməni axıra kimi ödəyə bilməməsini imkansızlıqla izah edib.
Ş.Cəfərli üstəlik, hesab edir ki, 71 min manat ödəniş etməsini nəzərdə tutan qərar qanunsuz və əsassızdır.
Bundan başqa, redaktorun böhtana görə də ötən ilin sonlarında məhkəməyə verildiyi deyilir.