Prezident həmsədrləri qəbul edib

Minsk qrupu

Bu gün, yanvarın 7-də prezidenti İlham Əliyev Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

ATƏT-in Minsk qrupunun Fransadan həmsədri Stefan Viskonti, Rusiyadan İqor Popov, ABŞ-dan isə Endryü Şxoferdir.

Görüşdə habelə, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Ötən ay da Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər naziri ilə görüşüb Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparmışdılar. Həmin görüşdə münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılması məsələlərinin nəzərdən keçirildiyi bildirilirdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır.

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.