Qarabağ danışıqları seçkidən sonraya qaldı

İ.Əliyev və S.Sarkisyan

«Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikirlər, təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin».

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanda apardığı müzakirələr haqda şərhində belə deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərini Azərbaycana səfərləri çərçivəsində prezident İlham Əliyev qəbul edib.

«Səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb. İşğala məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi, işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir», - XİN sözçüsü bildirib.

O vurğulayıb ki, status-kvonun dəyişdirilməsindıən ötrü Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.

ATƏT-in Minsk qrupunun Fransadan həmsədri Stefan Viskonti, Rusiyadan İqor Popov, ABŞ-dan isə Endryü Şxofer Azərbaycanda səfərdədir. Onları bu gün, yanvarın 7-də prezidenti İ.Əliyev qəbul edib. Görüşdə habelə, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Ötən ay da Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər naziri ilə görüşüb, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparmışdılar. Həmin görüşdə münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılması məsələlərinin nəzərdən keçirildiyi bildirilirdi.

Azərbaycanda prezident seçkisi bu il aprelin 11-də, Ermənistanda isə ondan bir ay əvvəl keçirilməlidir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.