MSK sosial şəbəkələrlə bağlı monitorinq aparmaq istəyir

Məzahir Pənahov

“Sosial şəbəkələr geniş auditoriyaya malikdir. Seçki prosesləri zamanı sosial şəbəkələrdəki proseslərin izlənməsi də buna görə, mühüm məsələdir”.

“Turan” agentliyinin xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün, fevralın 8-i keçirilən toplantısında komissiyanın sədri Məzahir Pənahov belə deyib.

M.Pənahov seçki təşviqatınadək sosial şəbəkələrlə bağlı təkliflərin hazırlanmasının zəruri olduğunu ifadə edib.

Buna da bax: 'Hamı mebel seçkisinə: Bizim namizəd - 'Kseniya' yastığıdır'

“Bu daha tez hazırlanmalıdır. Bunun əsasında sosial şəbəkələrin monitorinqi təşkil edilməli, təşviqatı pozanlar haqda müvafiq tədbirlər görülməlidir”.

MSK sədri fevralın 9-dan etibarən komissiya təmsilçilərinin ictimai radio və televiziyada çıxışlarının təşkil olunacağını, seçki prosesinin qanuni tərəfləri barədə gərəkli məlumatların veriləcəyini bildirib.

MSK-nın toplantısında bəzi seçki komissiyalarının tərkibində və normativ xarakterli aktlarda dəyişiklik edilməsi məsələsi də müzakirə olunub.

Xatırlatma

Fevralın 5-də dövlət başçısı İlham Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Fevralın 6-da isə MSK növbədənkənar prezident seçkisinin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib.

Azərbaycanda bu sərəncama qədər prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.