ABŞ hökuməti yenə bağlandı- YENİLƏNİB

Rand Paul

ABŞ senatı fevralın 9-da səhər hökumətin yenidən açılmasına və 400 milyard dollarlıq büdcə sənədinin qəbuluna səs veriblər.

Senatda 71-28 səs çoxluğuyla qəbul olunmuş sənəd Nümayəndələr Palatasına göndərilib və bu gün daha bir səsverməyə çıxarılacaq.

Palatadan keçsə və prezident Donald Trump tərəfindən imzalansa, ABŞ hökuməti bir neçə saatlıq bağlanmadan sonra yenidən açıla bilər.

***

Sənədi artıq Nümayəndələr Palatası da qəbul edib. Fevralın 9-da səhər keçirilən səsvermədə sənəd 240-186 səs fərqiylə qəbul olunub.

***

ABŞ hökuməti bu il ikinci dəfə bağlanıb. Senat gecəyarısınadək maliyyələşdirmə qanununu səsə qoya bilməyib.

Sənədin qəbulundan ötrü fevralın 8-i gecəyarısı son tarix qoyulmuşdu.

Konqresmenlər fevralın 9-da səhər yenidən bir araya gələcəklər. Senat liderləri ümidvar olduqlarını bildiriblər ki, bu bağlanma ən çoxu bir neçə saat çəkəcək.

Təkrar səsvermə səhər saatlarına təyin olunub.

Senat xərcləmə qanununu təsdiqləyəndən sonra sənəd Nümayəndələr Palatasından da keçməlidir. Daha sonra prezident Donald Trump onu imzalamalıdır.

ABŞ hökuməti yanvarın 19-da üç günlüyə bağlanmışdı. O zaman Ağ evlə Konqres maliyyələşdirmə sənədini razılaşdıra bilmirdi.

Hökumət yanvarın 23-də yenidən açıldı, Konqresin hər iki palatası sənədə səs verdi.

Son bağlanma isə bir senatorun hərəkətinin nəticəsidir. Respublikaçı Rand Paul prosedur addıma əlı ataraq səsverməni əngəlləyib.

Paul-un fikrincə, bu sənəd “xəzinədarlığı talan edəcək”.

ABŞ hökuməti son 25 ildə artıq beşinci dəfədir bağlanır. Bir neçə saatdan artıq çəksə, hökumətin əməliyyatları qismən məhdudlaşacaq.

Amma vacib xidmətlər olan ərzaq inspeksiyası, aeroportlarda təhlükəsizlik yoxlamaları davam edəcək. Amma federal əməkdaşlara maaş ödənməyəcək.