Qiymətlər bahalaşmaqda davam edir

Supermarket

2018-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5.5 faiz bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb:

«Ərzaq məhsullarının qiymətləri 6.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5.1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 3.9 faiz bahalaşıb», - məlumatda vurğulanır.

Bu ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən isə ərzaq məhsullarının qiymətləri 0.5 faiz, qeyri-ərzaq mallarının qiymətləri də 0.2 faiz artıb. Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin isə 0.8 faiz ucuzlaşdığı açıqlanıb.

N.Əliyev: «DSK hökumətin siyasətinə don geyindirir»

«Bu başdan deyim ki, bahalıq səviyyəsi ilə bağlı Dövlət Statistika Komitəsinin göstəriciləri gerçəkliyi əks etdirmir. Bahalaşma səviyyəsi əslində daha yüksəkdir».

İqtisadçı ekspert Nemət Əliyev bunu Dövlət Statistika Komitəsinin (DSK) istehlak mallarının qiymətləri ilə bağlı son açıqlamasını dəyərləndirərkən deyib.

N.Əliyev hesab edir ki, komitə hökumətin yürütdüyü siyasətə «don geyindirir» və buna görə də açıqladığı rəqəmlər ölkədə real bahalaşmanı ifadə etməkdən çox uzaqdır:

«Bununla belə, hətta bu rəqəmlərə istinad etsək də, bahalaşma səviyyəsi az deyil, bunun ardınca əhalinin real gəlirlərinin azalmasının şahidi olacağıq...».

İqtisadçı vurğulayır ki, istehsalın azlığı ölkədə bahalığın və həyat şəraitinin pisləşməsinin əsas səbəbidir, real islahatlar olmadıqca, bu bahalaşma da davam edəcək.

N.Əliyev bahalaşmaya daha bir səbəb kimi investisiya və kreditləşmənin kəskin azalmasını göstərir. O deyir ki, əgər 2014-cü ildə kreditləşmə 23.6 milyard həmində idisə, indi 6.9 milyard dollar həddinə enib.