Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Əfqan Muxtarlı yas mərasimi üçün evə buraxıldı

Həbsdəki jurnalist Əfqan Muxtarlının şikayətinə baxılacaq.

Jurnalistin apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsində icraata götürülüb.

Bu haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil deyib ki, Ə.Muxtarlının 6 il həbs cəzası alması ilə bağlı Balakən Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib. Şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi Rafael Əliyevin icraatına verilib.

Şikayət üzrə ilkin baxış iclası fevralın 20-si, saat 12:00-a təyin edilib.

Şikayətdə apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılması və Ə.Muxtarlıya bəraət verilməsi istənilib.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist hakimiyyət nümayəndəsinə müqavimət göstərmə, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilib.

Bakıda rəsmi qurumlar iddia edib ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu ilin yanvarında o, məhkəmənin qərarı ilə 6 il həbs cəzası alıb. Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.