Vəkil olmaq istəyənlər şifahi imtahandan keçəcəklər

Arxiv fotosu

Fevralın 9-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Rəyasət Heyətindən AzərTAC-a bildiriblər ki, test imtahanından 607 namizəd uğurla keçib.

Sonra sədr Anar Bağırov növbəti – şifahi imtahan mərhələsinin başlanma tarixi ilə bağlı təkliflə çıxış edib. Qərara alınıb ki, şifahi imtahan mərhələsinə mart ayının 1-dən etibarən başlansın.

Yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərə test imtahanı keçirilib.

Buna da bax: Vəkillik imtahanından narazılara 'yox' deyildi

Qeydə alınan 2 minə yaxın namizəddən imtahanda yalnız 1873 nəfər iştirak edib. Onlardan 607 nəfəri 60 və daha yüksək bal toplayıb.

İmtahan nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə - şifahi müsahibəyə buraxılırlar.

Xatırlatma

Parlament ötən il oktyabrın 31-də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib.

Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Bir çox ekspertlər, hüquqşünaslar bu dəyişiklikləri mürtəce hesab edirlər. Onların fikrincə, hüquqşünasların məhkəməyə çıxmaq imkanlarının əllərindən alınması vətəndaşların məhkəmələrdə müdafiəsində ciddi problemlər yaradacaq.

Azərbaycanda Vəkillər Kollegiyasının 900-dən bir qədər çox üzvü var. Beynəlxalq qurumların hesabatlarına görə, adambaşına düşən vəkil sayı sıralamasında Azərbaycanın adı son yerlərdə gəlir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti isə vəkilliyə qəbulu bərpa etməklə yeni qanunvericiliyin hər hansı problem doğurmayacağını düşünür. Son illər Vəkillər Kollegiyasına qəbul dayandırılmışdı.