YAP səlahiyyətli nümayəndəsini təyin etdi

Əli Əhmədov

Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar prezident seçkisi ilə bağlı səlahiyyətli nümayəndəsini təyin edib.

Bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb. Baş nazirinin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov növbədənkənar prezident seçkisində bu partiyanın səlahiyyətli nümayəndəsi təyin edilib.

Məlumatda bildirilir ki, Ə.Əhmədov Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2018-ci il fevralın 12-dən aprelin 11-nə qədər baş nazirin müavini vəzifəsindən ödənişsiz məzuniyyətə çıxıb.

Fevralın 5-də dövlət başçısı İlham Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Fevralın 6-da da MSK növbədənkənar prezident seçkisinin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib.

Fevralın 8-də isə YAP-ın VI qurultayı keçirilib. Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İ.Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Halbuki, Azərbaycanda prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.

YAP-dan başqa Ağ Partiya, Liberal Demokrat Partiyası və bir sıra başqa qüvvələr də seçkilərə qatılacağını bildirib. Müxalifətdə duran Milli Şura və Müsavat Partiyası isə mövcud şəraitin demokratik seçkilərə imkan vermədiyini bəyan edərək boykot qərarı veriblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatından da bildiriblər ki, bu şərait dəyişməyəcəksə, onların da seçkidə iştirakı gözlənilmir.