ABŞ məcburi köçkünlərə 125 milyon yardım edib

Robert Sekuta

Bu gün, fevralın 13-ü Kürdəmir və Füzuli rayonlarından 40 məcburi köçkün gəncə Karyera Gününün açılışı olub. Tədbir Kürdəmir rayonunda gerçəkləşib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, açılışı bu ölkənin Azərbaycandakı səfiri Robert Sekuta və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov edib.

Açılışda həmçinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak edib.

Səfir R.Sekutanın Karyera Gününün gənc iştirakçıları ilə bir araya gələrək onların arzularını öyrəndiyi bildirilir.

«1991-ci ildən ABŞ Azərbaycana 1.3 milyard dollardan çox yardım göstərib, bunun 125 milyon dolları məcburi köçkünlərə ayrılıb», - səfir qeyd edib.

Tədbirdə bir sıra texnoloji alətlər təqdim edilib. Həmçinin, tələbələrdən ötrü karyera inkişafı resursları, ABŞ-da mübadilə və təhsil imkanları mövzusunda təqdimatlar keçirilib.

Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika Guşələri də daxildir.