5 iddialının prezidentliyə namizədliyi təsdiqlənib

Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyası (MSK) seçki prosesində Seçki Məcəlləsinə və qanunvericiliyə əməl etməyən hər kəslə bağlı sərt tədbirlər görəcək.

MSK-nın sədri Məzahir Pənahov komissiyanın bu gün, fevralın 14-də keçirilən toplantısında belə deyib. O bildirib ki, növbədənkənar prezident seçkisində səsvermə başa çatanadək qanunvericiliyə necə əməl edilməsi məsələsi onların diqqətində olacaq.

Beynəlxalq qurumların seçkidə müşahidəçiliyindən ötrü gərəkli şəraitin yaradılacağından, onların komissiyanın toplantılarına qatıla biləcəklərindən də bəhs edən MSK sədri müşahidə qurumlarına artıq dəvət göndərildiyini ifadə edib. Onun bildirməsinə görə, dəvətləri Xarici İşlər Nazirliyi, Milli Məclis göndərib.

Toplantıda iddialıların prezidentliyə namizədliklərinin irəli sürülməsi məsələsinə baxılıb. Komissiya üzvləri 5 nəfərin namizədliyinin irəli sürülməsini təsdiq edib.

MSK hazırkı prezident, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyini özü verən Anar Umudov və Liberal Demokratik Partiyasının namizədi Fuad Əliyevlə bağlı uyğun qərar qəbul edib.

Namizədliklərini özləri verən Tural Abbaslı və deputat Zahid Orucla da bağlı eyni qərar verilib.

Komissiya həmçinin, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovu, onun müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzovu bu partiyanın səlahiyyətli nümayəndəsi kimi təsdiqləyib.

Bundan sonra iddiaçılar namizədliklərinin qeydiyyatından ötrü imza toplanmasına başlamalıdırlar. Qeydiyyatdan ötrü 40 min imza tələb edilir.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura və Müsavat Partiyası seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.