Donorlar İraqa 30 milyard dollar boyun olurlar

Ibrahim Al-Jaafari konfransda

Qlobal donorlar İraqın bərpasına 30 milyard dollar boyun olublar. Bu, Küveytdə beynəlxalq konfransın son günündə – fevralın 14-də açıqlanıb.

Əslində, İraq rəsmiləri müharibədən sonra ölkənin yenidən qurulmasına 88,2 milyard dollar gərəkəcəyini demişdilər. Amma yenə də, açıqlanan məbləğ Bağdada İslam Dövləti (İŞİD) ekstremistləriylə üç illik müharibədən sonra bərpanı başlatmağa imkan verəcək.

Daha böyük məbləğə ümid edirdik”, – İraqın xarici işlər naziri Ibrahim al-Jaafari “Frans Pres” agentliyinə deyib.

“Məyus deyilik, amma məbləğ gözləndiyindən azdır”, – o bildirib.

Ən böyük vəd Türkiyədən gəlib, İraqa kredit və sərmayələr şəklində 5 milyard dollar verəcəyini deyib.

Britaniya 1 milyard dollar, Avropa Birliyi 494 milyon dollar vəd edib. Birləşmiş Ştatlar hər hansı məbləğ açıqlamayıb. Amma dövlət katibi Rex Tillerson fevralın 13-də demişdi ki, ABŞ-ın Export-İmport Bankı Bağdadla “gələcək əməkdaşlığın təməlini qoymaqdan ötrü” 3 milyard dollarlıq anlaşma memorandumu imzalamağa hazırdır.