Bu gün 2018-ci ilin ilk Günəş tutulmasının baş verəcəyi gözlənir.
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, ilin ilk Günəş tutulması fevralın 15-də Bakı vaxtı ilə saat 22:55-də başlayacaq.
Tutulma prosesinin saat 02:47-dək davam edəcəyi vurğulanır.
Təbiət hadisəsinin Sakit və Atlantik okeanın hövzələrini, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcəyi bildirilir.
Ümumilikdə 2018-ci ildə 3 Günəş tutulması (qismən tutulma) baş verməlidir. Həmin tutulmalardan ikisinin cənub, birinin isə şimal yarımkürəsinə düşəcəyi gözlənir.
«Bu il iyulun 13-də Bakı vaxtı ilə saat 05:48-dən 08:13-dək baş verəcək digər Günəş tutulması Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində, Antarktidada müşahidə olunacaq. Sonuncu Günəş tutulması isə avqustun 11-də Bakı vaxtı ilə 12:02-dən 15:30-dək baş verəcək. Tutulma Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək», - məlumatda vurğulanır.
Bu il yanvarın 31-də ilin ilk Ay tutulması hadisəsi baş vermişdi.
Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlayıb, 17:29-da maksimum səviyyədə olub, 19:11-də isə başa çatmışdı.