Ötən həftə Suriyada ABŞ-ın rəhbərlik etdiyi qüvvələrlə toqquşmalarda hərbçi olmayan beş rusiyalının ölməsi mümkündür. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova deyib. Amma o, onlarla, yaxud yüzlərlə rusiyalının ölməsi barədə mediada yazılanları “dezinformasiya” adlandırıb.
Söhbət Suriyanın Deyr əs-Zor vilayətində fevralın 7-də baş vermiş toqquşmalardan gedir. Sözçü bir daha vurğulayıb ki, söhbət rusiyalı hərbçilərdən getmir, onların milliyyəti və Suriyada nə etmələri barədə informasiya isə yoxlanmalıdır.
Sözçü Amerika mediasını və Suriya müxalifətini döyüşlər barədə “dezinformasiya” yaymaqda suçlayıb. Onun sözlərinə görə, Suriyada silahlı qüvvələrlə heç bir əlaqəsi olmayan rusiyalılar ola bilər.
Media ABŞ koalisiyasının hava zərbələrindən xeyli sayda rusiyalının öldüyünü xəbərləmişdi. Onlarla, hətta yüzlərlə ölənin olduğu vurğulanırdı.
Fevralın 7-dəki döyüşlərdə həlak olmuş yeddi rusiyalının adları bəllidir.
ABŞ rəsmiləri həmin döyüşlərdə 100-dək adamın öldürüldüyünü bildirmişdi.