Zakir Həsənov Avropa elçisinə müharibə ehtimalından danışıb

Zakir Həsənov

“Cəbhə xəttində iki silahlanmış ordu daim üz-üzə dayanıb, müharibənin hər an başlaya biləcəyi istisna deyil”.

Bu fikirləri müdafiə naziri Zakir Həsənov bu gün, fevralın 19-da Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toyvo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə ifadə edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda vurğulanır ki, görüşdə cəbhə xəttindəki hazırkı vəziyyətə dair məsələlər müzakirə edilib.

Buna da bax: 'Kompromisdən danışırlar'. Seçkiləri Qarabağ tezləşdirə bilərdi

Z.Həsənov deyib ki, beynəlxalq birliyin tanıdığı Azərbaycan ərazilərinin bir hissəsi Ermənistanın işğalı altındadır və danışıqlar prosesinin bu günədək nəticə verməyib. O, qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidirlər.

T.Klaar isə öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasından ötrü münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edib. O, bildirib ki, Avropa Birliyi bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toyvo Klaar bu gün, fevralın 19-da Azərbaycan prezidenti İlham Əliyevin də qəbulunda olub.

Buna da bax: Qarabağ danışıqlarında son bir il-'ümidlər son mərhələdədir'

Həmin görüşdə də qarşılıqlı əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə səylərin münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəldilməsinin vacibliyi qeyd olunub.

Prezident İ.Əliyev bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir. Dövlət başçısı vurğulayıb ki, münaqişənin tezliklə həll edilməsindən ötrü Ermənistan işğal edilmiş torpaqlardan öz qüvvələrini geri çəkməyə başlamalıdır .

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.