Azərbaycanda milli qəhrəmanlara, 1941-1945-ci illər müharibəsində iştirak etmiş bəzi şəxslərə, Əfqanıstanda döyüşlərdə həlak olan hərbi qulluqçuların ailələrinə və bir qisim əlillərə verilən təqaüdlərin məbləği artırılır.
Prezident İlham Əliyev fevralın 20-də bununla bağlı fərman və sərəncamlar verib.
Prezidentin verdiyi fərmana əsasən, Azərbaycanın milli qəhrəmanı adı verilən hər bir şəxsə prezident təqaüdünün aylıq məbləği min beş yüz manat müəyyən edilib. İndiyədək həmin məbləğ 1300 manata bərabər idi.
Artım 2018-ci il martın 1-dən hesablanacaq
Prezident İlham Əliyev həmçinin, 1941-1945-ci illər ərzində İkinci Dünya müharibəsinin bəzi iştirakçıları ilə də bağlı sərəncam verib.
Sərəncama görə, həmin müharibənin iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı orada işləyənlərə, “Leninqradın müdafiəsinə görə” medalı və “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilənlərə prezident təqaüdü 10 faiz artırılacaq. Müharibə əlilləri bura aid deyil.
Buna da bax: Prezidentin bəzi təqaüdləri artdı - 10 faiz
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında öldüyü elan edilən hərbi qulluqçuların ailələrinə verilən prezident təqaüdü də 10 faiz artırılıb.
Habelə, prezidentin başqa bir sərəncamı ilə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I qrup əlilliyə görə sosial müavinət alanlara təqaüdünün aylıq məbləği də 10 faiz çoxalıb.
Artımlar martın 1-dən hesablanacaq.
Buna da bax: Tofiq Zülfüqarov: 'Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb'
Xatırlatma
Fevralın 19-da 20 Yanvar, müharibə əlilləri və şəhid ailələri kateqoriyasına daxil olan insanlara verilən prezident təqaüdünün məbləğdə artırılmışdı. Sərəncama əsasən, qeyd olunan kateqoriyadan olan şəxslərə verilən prezident təqaüdünə 10 faiz əlavə edilib .
Bu, artımlar da mart ayının 1-dən qüvvəyə minəcək.