Sürüşməyə görə ailələrə kirayə haqları ödənilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Bayılda sürüşmə zonasından son görüntülər

Bayıl sürüşmə zonasında evlərindən çıxarılan bəzi ailələrə kompensasiyaların verilməsinə başlanıb. Onlar kompensasiyanı Azərbaycan Beynəlxalq Bankının Səbail filialında bank kartları ilə alacaqlar. Vəsaiti Maliyyə Nazirliyi köçürüb.

Bu barədə Səbail Rayon İcra Hakimiyyətindən məlumat veriblər.

İcra hakimiyyətindən bildirildiyinə görə, kirayə mənzil pulundan ötrü kompensasiyalarının ödənilməsinə fevralın 19-da başlanılıb. Hər ailəyə, tərkibindən asılı olaraq, ayda ən azı 200 manat verilməlidir.

«67 ailəyə bank vasitəsilə ödəmələr 11 ay ərzində davam edəcək və bu müddət ərzində həmin sakinlərin harada yaşaması məsələsi həll olunacaq», - icra hakimiyyətindən bildiriblər.

Nazirlər Kabineti Bayıl yamacındakı sürüşmə ilə bağlı evlərindən köçürülənlərə kirayə pulunun ödənilməsi barədə fevralın 13-də sərəncam vermişdi

Bu barədə Nazirlər Kabinetindən bildirmişdilər.

Sərəncama görə, 98 ailəyə ilkin olaraq müvəqqəti aylıq kirayə haqqının ödəniləcəyi vurğulanırdı.

Xatırlatma

Bayıl yamacında sürüşmənin bu ilin yanvarında aktiv fazaya keçdiyi bildirilir. «Teleqüllə» adlanan bu sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 metr cənub–şərqdə yerləşir. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yarandığı deyilir.

Ərazidən əvvəlcə təqribən 100 ailənin çıxarıldığı bildirilmişdi. Onlardan getməyə yerləri olmayanlar Səbail rayonundakı məktəblərə yerləşdirilib. Sonradan ərazidən ailələrin köçürülməsinin davam etdiyi açıqlanmışdı.

Buna qədər sonuncu dəfə Bayılda sürüşmə 2011-ci ilin avqustunda, ilk dəfə isə 1870-ci ildə qeydə alınıb.

2017-ci ilə qədər Bayıl ərazisində 10 dəfə sürüşmə baş verdiyi bildirilir.