Ölkəyə gələn pul baratları artıb

Rubl

«2017-ci ildə ölkəyə daxil olan pul baratları (poçt vasitəsilə göndərilən pul) 1.2 mlrd. dollar təşkil edib».

Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında belə yazılır.

Sənəddə məlumatların ilkin rəqəmlərə əsaslandığı bildirilir. Vurğulanır ki, 2017-ci ildə iqtisadi tərəfdaş ölkələrdə yaranmış vəziyyət ölkəyə daxil olan pul köçürmələrinin dinamikasına təsir edib.

İcmala görə, 2017-ci ildə ölkəyə daxil olan pul baratları 2016-cı illə müqayisədə 2.13 dəfə çoxdur. 2016-cı ildə ölkəyə poçt vasitəsi ilə 564 mln. manat göndərilib.

Ancaq 2015-ci ilin rəqəmləri ilə müqayisədə ölkəyə daxil olan pul baratlarının məbləği dəyişməyib.

Strateji valyuta ehtiyatları

Pul siyasəti icmalında strateji valyuta ehtiyatlarından da bəhs olunur.

Bildirilir ki, ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində keçən il strateji valyuta ehtiyatları 11 faizdən çox artıb.

Sənədə görə, ötən ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 30 aylıq mal və xidmət idxalına kifayət edib, xarici dövlət borcunu 2.9 dəfə üstələyib. Bu il yanvarın 1-nə olan məlumata görə, ölkənin 9 milyard dollardan çox xarici borcu var.

2017-ci ildə deflyasiya da olub

İcmalda vurğulanır ki, 2017-ci ildə inflyasiya 12.9 faiz təşkil edib:

«Ötən ilin sonuna illik inflyasiya tempinin bir qədər azalması müşahidə edilib. İstehlak Qiyməti İndeksinin (İQİ) komponentləri olan ərzaq qiymətləri orta illik 16.5, qeyri-ərzaq qiymətləri 11.6, xidmətlər isə 9.4 faiz dəyişib. Orta illik inflyasiyanın 7 faizi ərzaq, 2.9 faizi qeyri-ərzaq, 3 faiz bəndi isə xidmətlərin payına düşür».

Sənədə görə, ötən il ən yüksək inflyasiya yanvar ayında qeydə alınıb.

İyun ayında inflyasiyanın olmadığı, əksinə, 1 faizlik deflyasiya qeydə alındığı bildirilir.