Səfirlik köçkün məktəbinə 'Kitab rəfi' hədiyyə edib

Məktəb

Bu gün, fevralın 21-i ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı Anna Sekuta Bakının Yeni Qala qəsəbəsində məcburi köçkün məktəbinin kitabxanasına «Amerikan Rəfi» adlı böyük kolleksiya hədiyyə edib. Kitablar həm ingilis, həm də Azərbaycan dillərindədir

Təqdimetmə mərasimində məktəb kollektivi, Xəzər Rayon İcra Hakimiyyətinin və ABŞ səfirliyinin əməkdaşları da iştirak ediblər.

Səfirliyin məlumatına görə, Yeni Qala qəsəbəsindəki məktəb onların dəstəyi ilə inşa edilib və 2007-ci il fevralın 21-də istifadəyə verilib.

10 il ərzində səfirliyin Yeni Qala məktəbinə göstərdiyi dəstək nəticəsində məktəbin daha böyük sinif otaqları və müasir avadanlıqla təmin edildiyi bildirilir. Verilən məlumata görə, nəticədə tədris imkanlarını 5000-dən çox uşaqdan ötrü əlverişli şəraitə gətirmək mümkün olub.

«Belə təhsil bazası məcburi köçkün uşaqlarına özləri, cəmiyyət və bütövlükdə Azərbaycan üçün güclü gələcək formalaşdırmağa imkan yaradacaq», - səfirliyin məlumatında vurğulanır.

Məlumatda bildirilir ki, Yeni Qala məktəbi Birləşmiş Ştatların Müdafiə Departamentinin Humanitar Dəstək Proqramının Azərbaycanda tikintisinə kömək göstərdiyi sayca 13 məktəbdir. Həmin proqramın bir hissəsi olaraq, səfirlik 2018-ci ildə Bərdənin Güloğlular kəndində məcburi köçkünlərdən ötrü inşa ediləcək 17-ci məktəbin tikintisinə də dəstək göstərməyi planlaşdırır.

1991-ci ildən etibarən ABŞ Azərbaycana dəstək məqsədilə 1.3 milyard dollar vəsait yatırıb. 2003-cü ildən etibarən ABŞ-ın Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərin yaşayışının yaxşılaşdırılması, məktəblərin tikintisinə və su layihələrinə 5.5 milyon dollardan çox vəsait ayırıb.