ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) qiymətləndirmə missiyası Azərbaycanda səfərdədir.
Missiya Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənmək məqsədi ilə gəlib.
“Turan” agentliyinin xəbərinə görə, missiya bu gün, fevralın 21-i görüşlərə başlayıb.
Missiya üzvləri öncə Mərkəzi Seçki Komissiyasında (MSK) olublar. Onlar MSK sədri Məzahir Pənahov və digər komissiya təmsilçiləri ilə görüşüblər.
Agentliyin xəbərinə görə, onlar MSK təmsilçilərindən Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi, növbədənkənar seçkiyə hazırlıq məsələləri ilə bağlı məlumat alıblar.
Buna da bax: Bakı ATƏT-i seçkilərə dəvət edib
Qiymətləndirmə missiyasının təmasları sabah, fevralın 22-də də davam etməlidir.
Missiya üzvlərinin ölkə rəsmiləri, habelə seçki prosesinin digər iştirakçıları, siyasi qüvvələrin təmsilçiləri, yerli seçki mütəxəssisləri ilə görüşləri gözlənir.
Missiya səfərin yekunları ilə bağlı məruzə hazırlayıb, yaymalıdır.
Azərbaycanda keçirilmiş son seçkiləri (2015-ci ildə keçirilən parlament seçkilərini) DTİHB müşahidə etməmişdi. O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyərək, onların azaldılmasını istəyirdi.
Xatırlatma
Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçki prezident İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.
Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq, 10-dan çox şəxsin namizədliyi təsdiq edilib.
Bir sıra müxalif qüvvələr isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.