Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin vahid aylıq müavinəti artırılır.
Prezident İlham Əliyev bu gün, fevralın 21-i bununla bağlı sərəncam imzalayıb.
Sərəncamın qeyd olunan kateqoriyadan olan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi daşıdığı bildirilir.
Sənədə görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin vahid aylıq müavinəti 10 faiz artırılacaq. Artım martın 1-dən hesablanacaq.
Buna da bax: Prezidentin bəzi təqaüdləri artdı - 10 faiz
Prezident İlham Əliyev ötən il yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalamışdı.
Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılmışdı. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət verilməsi qərara alınmışdı.
Buna da bax: Milli qəhrəman və müharibə iştirakçılarının təqaüdləri artdı
Həmin fərman məcburi köçkünlərin bir qisminin etirazları ilə qarşılanmışdı.
Ardınca ölkə başçısı ötən ilin fevralında fərmana dəyişikliklər etmişdi.
Dəyişikliklərdə vurğulanırdı ki, bu məsələdə fərdi qaydada sayğacların quraşdırılması mümkün olmayan yataqxana və pansionatda məskunlaşan məcburi köçkünlər istisna təşkil edir.
Buna da bax: Təqaüdlərin artımında ümumi məbləğ açıqlanıb
Xatırlatma
Prezident İlham Əliyev fevralın 19-da 20 Yanvar, müharibə əlilləri və şəhid ailələri kateqoriyasına daxil olan insanlara verilən prezident təqaüdünün 10 faiz artırılması ilə bağlı sərəncam imzalamışdı.
Dünən, fevralın 20-də isə Milli Qəhrəmanlara, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə və Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələrinə verilən təqaüdlərin məbləği artırılmışdı.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə prezident təqaüdü 1300 manatdan 1500 manata qədər artırılmışdı.
Qalanlarının təqaüdünə isə martın 1-dən 10 faiz əlavə edilməlidir.