Fəxri adlar və bəzi başqa prezident təqaüdləri də artırıldı

Arxiv fotosu

Prezidentin fərdi, xüsusi və fəxri adlara görə aylıq təqaüdləri artırılır.

Dövlət başçısı İlham Əliyev fevralın 22-də bununla bağlı fərman və sərəncamlar imzalayıb.

Sənədlərin birində “Prezidentin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanına dəyişiklik edilib. Dəyişiklik prezidentin fərdi təqaüdünün məbləğinin martın 1-dən 1300 manatdan 1450 manatadək artırılmasını nəzərdə tutur.

Buna da bax: Köçkünlərin də vahid aylıq müavinəti artırıldı - 10%

Gənc istedadlara aylıq təqaüdlər də artırılıb.

Ölkə başçısının sərəncamı ilə gənc istedadlara xüsusi təqaüdlər 300 manatdan 400 manata qədər artırılıb.

Prezidentin başqa sərəncamı ilə martın 1-dən “Xalq” fəxri adından ötrü təqaüd 150 manat, “Əməkdar” fəxri adına görə isə 100 manat müəyyən edilib.

Əvvəlcə "Xalq" fəxri adına görə 100, "Əməkdar" fəxri adına görə isə hər ay 60 manat ödənildiyi bildirilirdi.

Buna da bax: Milli qəhrəman və müharibə iştirakçılarının təqaüdləri artdı

Xatırlatma

Prezident İlham Əliyev fevralın 19-da 20 Yanvar, müharibə əlilləri və şəhid ailələri kateqoriyasına daxil olan insanlara verilən prezident təqaüdünün 10 faiz artırılması ilə bağlı sərəncam imzalamışdı.

Fevralın 20-də də Milli Qəhrəmanlara, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə və Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələrinə verilən təqaüdlərin məbləği artırılmışdı.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə prezident təqaüdü 1300 manatdan 1500 manata yüksəldilib.

Qalanlarının təqaüdünə martın 1-dən 10 faiz əlavə edilməlidir.

Dünən, fevralın 21-də isə məcburi köçkünlərin 36 manat məbləğində vahid aylıq müavinəti 10 faiz artırılıb.