Səfirliyə hücum edənin NATO-ya qarşı fikirləri varmış

Monteneqrodakı ABŞ səfirliyi

Monteneqrodakı ABŞ səfirliyinə partlayıcı atandan sonra özünü partlatmış şəxs Serbiyada doğulubmuş. Prokurorlar və polis fevralın 22-də bildirib ki, Dalibor Jaukovic keçmiş Yuqoslaviya ordusunun əsgəri olub, NATO-ya qarşı fikirlərini bir neçə dəfə dilə gətirib.

ABŞ və Monteneqro rəsmiləri səfirlikdən hücum zamanı heç kəsin xəsarət almadığını bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert fevralın 22-də deyib ki, departament bu hücumun “davam edən təhdidin bir hissəsi” olmasına inanmır və səfirlik yalnız həmin gün konsulluq xidmətini dayandırıb.

Rəsmilər Serbiyanın Kraljevo şəhərində 1976-cı ildə doğulmuş həmin şəxsin M75 əl qumbarasını işə saldığını bildirir. Federal Təhqiqat Bürosu (FBI) araşdırma aparır.