Nəqliyyat Nazirliyi ləğv olunana qədər nazir müavini, ondan öncə isə (2004-2015) «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri olmuş Arif Əsgərovun baldızı oğlu Emil Hüseynov məhkəmə zalından həbs olunub. Bu, fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.
Bir neçə milyonluq dələduzluqda suçlanan E.Hüseynova 9 il həbs cəzası verilib. O, məhkəmə dövründə ev dustaqlığında olduğundan hökmdən dərhal sonra qətimkan tədbiri dəyişdirilib və həbs edilib.
E.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.
İttihama görə, E.Hüseynov dəmiryolu sahəsi ilə bağlı materialların biznesi (Gürcüstandan gətirilməsi) məqsədilə müxtəlif adamlardan pul alıb. Amma nə biznes qurulub, nə də pullar geri qayıdıb.
Cinayət işinin materiallarında yazılıb ki, E.Hüseynov zərərçəkmişlərdən Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 min 500 manat pul alıb. İstintaq və məhkəmə dövründə bu pulların bir qismi qaytarılıb.
Bu cinayət işində sabiq nazir müavininin öz oğlu Elnar Əsgərovun da adı hallanır. Zərərçəkmişlərin bir neçəsi pullarının alınıb qaytarılmamasına görə onu günahlandırırlar. Hətta pulu birbaşa ona verdiyini deyənlər də var. Ona görə E.Əsgərov bir neçə dəfə istintaqda və məhkəmədə də dindirilib.
E.Əsgərov məhkəmədə dindiriləndə onunla həm zərərçəkmişlər, həm də xalası oğlu arasında gərginlik yaşanıb. Sabiq nazir müavininin oğlu zərərçəkmişlərin yalan danışdığını, kimsədən pul almadığını, bütün günahın xalası oğlunda olduğunu deyib. E.Hüseynov isə əksinə, onu günahlandırıb, bildirib ki, zərərçəkmişlərdən aldığı pulların bir çoxunu keçmiş nazir müavininin oğluna verib.